Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid övladları üçün masterklass təşkil edilib.
Qaziler.az xəbər verir ki, nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən masterklass çərçivəsində Vətən müharibəsi şəhidlərinin bir qrup övladına kulinariya üzrə bilik və bacarıqlar aşılanıb.
Həmin Mərkəzin təlimçiləri və Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri tərəfindən şəhidlərimizin övladlarına milli mətbəximizin simvollarından biri olan qutabın hazırlanması öyrədilib. Mərkəzdə peşə öyrənən gənclər şəhid övladları ilə birgə qutab hazırlayaraq öz məharətlərini nümayiş etdiriblər.
Layihənin məqsədi qəhrəman Vətən övladlarının yadigarlarının və əlilliyi müəyyən edilmiş şəxslərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaqdır.