Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının anım günüdür.
Oxu.Az xatırladır ki, şəhidimiz 1993-cü il fevralın 23-də Bakı şəhərində anadan olub.
O, 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub və 2009-cu ildə məktəbi bitirib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb.
Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb.
M.Qasımlı 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.
Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.
O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.