“Qarabağ qaziləri” birliyi Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

“Qarabağ qaziləri” birliyi Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib backend

“Qarabağ qaziləri” İctimai Birliyi Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədri, jurnalist Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı yayıb.

Qaziler.az-ın məlumatına görə başsağlığında deyilir:

“Qarabağ qaziləri” İcitmai Birliyi millət vəkili, jurnalist, publisist, yazıçı, tanınmış ictimai xadim Qənirə Paşayevanın vəfatından çox kədərlənir, ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.

“Biz həmişə Qənirə xanımı şəhid ailələrinin, qazilərin yanında görmüşük. Çağırılsa da, çağırılmasa da hər zaman onların yanında olub. Gücü, imkanı çatan şəkildə şəhidlərimizin dəfnində, anım mərasimlərində, həmçinin qazilərimizin həm ağır, həm də xoş günlərində iştirak edib. Bu insanların problemlərinin həllində çox böyük işlər görüb.  Vətən qadını olan Qənirə xanım canını Vətən yolunda fəda edən şəhid ailələri və qazilərimiz üçün əlindən gələni əsirgəməyib, köməyi, dəstəyi hər zaman onlarla olub. Ondan nəsə xahiş etməyə ehtiyac olmurdu, dərhal yardım olunacaq şəxslə birbaşa təmasa keçib, şəxsən özü həmin insanlarla, onların problemləri ilə maraqlanıb, kömək edə bilmək üçün əli yetən hər qapını döyüb. Yetər ki, kimsə köməksiz, naəlac qalmasın.

Belə bir güclü, mübariz, qəlbi Vətən sevgisi ilə döyünən azərbaycanlı xanımın vəfatı ölkəmiz, millətimiz üçün böyük itkidir. Hələ jurnalist fəaliyyəti zamanı özünü xalqına sevdirən Qənirə Paşayeva daha çox şeylər etmək sevdasıyla bu missiyasını millətin vəkili seçiləndən sonra da canı könüldən davam etdirib. Hər zaman millətinin yanında olub. Sağlığında özünə arzuladığı sevgini, rəhməti bu gün son mənzilə yola salınanda qazandığı görünür.

Bir daha “Qarabağ qaziləri” İB adından mərhumun ailəsinə, doğmalarına, onu sevən hər kəsə başsağlığı verir, onlara səbr və təmkin diləyirik. Allah rəhmət eləsin!”.

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində  anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakultəsini və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. 1998-ci ildən ANS televiziya şirkətinin "Xəbərlər" xidmətində müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur. Azərbaycan Respublikası III, IV və V çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olmuşdur.

QAZİLER.AZ

Diaspora