"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
Qaziler.az bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, iclasda, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi, ölkənin suverenliyinin bərpası uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimizlə əlaqədar aşağıdakı qərarlar qəbul olunub:
- Şəhid olmuş hərbiçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam silinsin;
- Yaralanmış hərbiçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.
"Bank icması hər zaman ölkə prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcək", - deyə Assosiasiya bəyan edib.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdəndir. Hazırda, 24 bank və 6 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.