Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektronlaşdırma proqramı çərçivəsində yeni “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti istifadəyə verilib.
Qaziler.az xəbər verir ki, geniş funksional imkanlara malik olan e-xidmət emas.sosial.gov.az internet portalında ayrıca bölmə kimi yaradılıb və hər bir sığortaolunana:
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi,
- hamiləlik və doğum,
- uşağa qulluq ilə bağlı sosial sığorta hadisələri baş verdiyi zaman ona ödəniləcək sosial sığorta ödəməsinin məbləğini hesablamaq imkanı verir.
Xidmətdən yararlanmaq üçün sığortaolunanlar:
1. emas.sosial.gov.az portalında şəxsi kabinetə daxil olaraq “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” bölməsinə keçid etməli;
2. Açılan pəncərədə sosial sığorta ödəməsinin növünü seçməli;
3. Seçilmiş sosial sığorta ödəməsinin növünə uyğun olaraq tələb olunan məlumatları müvafiq xanalara daxil etməlidir;
4. “Hesabla” düyməsi sıxıldıqda ona ödəniləcək sosial sığorta ödəməsinin məbləği ekranda əks olunacaqdır.
Yeni e-xidmət elektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsinə, xidmətlərin keyfiyyət və əlçatanlığının, sığortaolunanların sosial sığorta ödəmələri ilə bağlı məlumatlılığının artırılmasına xidmət edir.
2021-ci ilin əvvəlindən Nazirlik tərəfindən “Pensiya kalkulyatoru” elektron xidməti də istifadəyə verilib və ötən dövrdə bu e-xidmətdən 2 milyon dəfədən çox istifadə edilib.
Sosial sahədə son beş ildə geniş elektronlaşma proqramı icra olunub və bu gün Nazirliyin 153 xidmətindən 140-dan çoxu (90 faizdən çoxu) artıq e-qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, 31 e-arayış xidməti yaradılıb.