Oktyabrın 1-də Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonun başçılıq etdiyi nümayəndə heyəti İçərişəhərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, İçərişəhərdə gəzinti Qız qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib. Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq nümayəndə heyətində böyük maraq doğurub.
Elektromobillə gəzinti zamanı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə məlumat verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Samir Nuriyev diqqətə çatdırıb ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə gəzinti zamanı nümayəndə heyəti isti təndir çörəyinə qonaq edilib.
Nümayəndə heyətinin üzvləri orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Georgi Poltavçenko “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun xatirə kitabına ürək sözlərini yazıb.
Sonda qonağa üzərində İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi simvolunun əks olunduğu xalça hədiyyə edilib.