Əfqanıstanın təhlükəsizlik qüvvələri son bir neçə saat ərzində hücum əməliyyatları keçirərək həftənin əvvəlində ”Taliban” döyüşçüləri tərəfindən ələ keçirilən Kunduz şəhərinin bir hissəsini geri qaytarıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatlarda NATO-nun xüsusi təyinatlı dəstələri də aktiv iştirak edir. Həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr “Taliban” hərəkatının mövqelərinə intensiv zərbələr endirir.
Bir neçə gün əvvəl Kunduz şəhəri tam olaraq “Taliban” döyüşçülərinin nəzarətinə keçmişdi. Əfqanıstan Milli Ordusu bu hücumu gözləsə də, onun qarşısını almaqda acız qalmış və geri çəkilmişdi.
Güc strukturlarının məlumatına əsasən, Kunduz şəhərinə hücumda “Taliban” hərəkatının dəstələri ilə yanaşı, Pakistanın bu ölkə ilə sərhədi yaxınlığındakı Şimali Vəziristan əyalətində dislokasiya olunan və əfqan hökumətinə və xarici hərbi kontingentə qarşı mübarizə aparan “Haqqani şəbəkəsi” də iştirak edib.
Əfqanıstan Müdafiə Nazirliyi əməliyyatların gedişində 150 “Taliban” üzvünün öldürüldüyünü, 100-dək yaraqlının isə həbs olunduğunu bildirib.