Yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 926 mln. manat çox olmaqla 5 mlrd. 288 mln. manat vəsait ödənilib.
Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 926 mln. manat və ya 21,2 faiz çox olmaqla 5 mlrd. 288 mln. manat ödənilib.
Reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.
2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib. Bu artım edildikdən sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən 14,7 faiz indeksləşdirilərək artırılıb.
Həmçinin 2023-cü il üçün ehtiyac meyarının həddi artırılaraq 246 manata çatdırılıb ki, bu da ünvanlı sosial yardımın məbləğlərinin növbəti dəfə artması ilə nəticələnib.