Təhsil naziri Mikayıl Cabbarov Roma şəhərində İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri Stefania Gianini ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin əhəmiyyəti qeyd olunub, hər iki ölkə rəhbərliyinin bu əlaqələrin genişlənməsinə göstərdiyi diqqət xüsusilə vurğulanıb.
Azərbaycan-İtaliya Universitetlərarası Forumunun müvəffəqiyyətlə keçirilməsi və forumun nəticələrinə əsasən, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi bildirilib.
Həmçinin, nazirlər Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi perspektivləri və ölkəmizdə italyan dilinin tədrisinə dəstək kimi məsələləri müzakirə ediblər.
Xatırladaq ki, “Milan Expo 2015” Ümumdünya Sərgisi çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunmuş Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak etmək üçün təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul nümayəndələrindən ibarət nümayəndə heyəti İtaliyada səfərdə olub.