Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Bununla bağlı "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev Qaziler.az-a açıqlama verib.
Qazilərin hər zaman dövlətin, ordumuzun, Ali Baş Komandanın yanında olduğunu vurğulayan birlik sədri bu tarixi, eyni zamanda şərəfli günlərdə hamını yenə də həmrəy olmağa çağırıb:
"Azərbaycan Respublikasının konstitusiya quruluşunun bütün ölkə ərazisində bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Bu, nə “əməliyyat”, nə “müharibə” deyil - “lokal xarakterli antiterror tədbirləri”dir. Yalnız bu cür təqdimatdan istifadə xahiş olunur. Tədbirlərin gedişatı boyunca şəhid, itki, hərbi texnika, onun hərəkəti, əsir və girovlar barədə heç bir məlumat yaymamaq, Ermənistan mediasının informasiyalarını heç bir halda tirajlamamaq xahiş olunur.
Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan Silahlı Qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, Ermənistan hərbçilərinin tərksilahı və neytrallaşırılmasına yönəlib.
Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki obyektləri və əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görür, mülki əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olmur. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq tövsiyə olunur, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər həyata keçirilir.
Qarabağdakı erməni əhali Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda qurduğu və dəstəklədiyi kriminal xuntanın qurbanıdır. Azərbaycan bu “boz zona”da bütün hərbi dəstələrin və hərbi obyektlərin məhv edilməsi, hərbçilərin tərksilah olunması, Konstitusiya normalarının tətbiqi, bölgədə əminamanlığın bərqərər edilməsi, təhlükəsizliyin təmin olunması, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirləri həyata keçirəcək.
Bununla bağlı dövlətimiz, Prezidentimiz tam qərarlıdır. Biz "Qarabağ Qaziləri" İctimai birliyi Ali Baş Komandanımız İlham Əliyevin və ordumuzin yanındayıq. Bu ağır, tarixi, eyni zamanda şərəfli günlərdə qələbəmiz naminə xalqımızı həmişə olduğu kimi birlikdə, həmrəy olmağa çağırırıq. Bizim birliyimiz qarşısında heç bir güc davam gətirə bilməz. Ordumuz şəhidlərimizin qanını yerdə qoymayacaq, Azərbaycanın torpaq bütövlüyünü təmin edəcək.
Allah Ordumuzu, xalqımızı qorusun!"
QAZİLER,AZ