Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) ötən ay Azərbaycanda keçirilmiş “Təhlükəsiz iş aylığı”nın yekunlarına dair mətbuat konfransı keçirilib.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Xidmətin rəisi Fuad Əlizadənin sözlərinə görə, hələ “Təhlükəsiz iş aylığı” başlamazdan əvvəl Xidmət tərəfindən avtomobillərə texniki xidmət və avtoyuma sahəsi üzrə 1000 nəfər işəgötürənə məktubla müraciət edilərək bu barədə onlara məlumat verilib və əməyin mühafizəsi sahəsində qanunvericilikdən irəli gələn vəzifələri onların nəzərinə çatdırılıb, üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsi onlardan tələb edilib. Aylıq çərçivəsində müvafiq Tədbirlər Planı əsasında ümumilikdə 107 işəgötürəndə dövlət nəzarəti keçirilib. Bu tədbirlər zamanı 83 halda qanun pozuntusu aşkar edilib və 79 inzibati xəta haqqında protokol tərtib edilməklə 79 nəfər sahibkara qarşı ümumilikdə 179.900 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Həmin nəzarət tədbirləri zamanı vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən 17 sahibkarın da aşkar olunduğunu qeyd edən F.Əlizadə əvvəllərdə olduğu kimi, növbəti “Təhlükəsiz iş aylığı” zamanı işəgötürənlərin maarifləndirilməsi tədbirlərinə də önəm verildiyini bildirib: “Aylıq çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində və Şəki rayonunda respublikanın demək olar ki, əksər rayonları üzrə avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrinin 500-ə yaxın işəgötürəninin iştirakı ilə “Açıq qapı” günü-vətəndaş forumları təşkil olunub”.