Oktyabrın 4-də Kitabevim.az kitab marketində Azərbaycanın Polşadakı səfiri, tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənovun "Qız Qalası" kitabının müzakirəsi keçiriləcək. Tədbirdə Həsən Həsənov kitabın yazılması ilə bağlı fikirlərini bölüşəcək, daha sonra oxucuların suallarını cavablandıracaq.
AZƏRTAC xəbər verir ki, "Qız Qalası" kitabı İçərişəhərdə yerləşən abidələrin, eləcə də Bakının simvolu olan Qız qalasının tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb. 400 səhifədən ibarət üç mövzuya həsr edilən bu kitabda Bakı şəhərinin yaranma tarixi və Qız qalası haqqında geniş məlumatlar yer alıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr edilən bu kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir.