Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin həyata keçirdiyi Mavi Xəzər sahilində “Mavi Bayraqlı çimərliklər” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində növbəti təqdimat tədbirləri 13 sentyabr 2023 - cü il saat 11:00 və 13:00 – da Montin otelin konfrans zalında keçirilib.
Qaziler.az xəbər verir ki, tədbiri “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri Amil Məmmədov açaraq qonaqları salamladıqdan sonra layihə haqqında iştirakçılara geniş məlumat verərək bildirdi ki, “Mavi bayraq” kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir. Əvvəlcə 11 Avropa Birliyi ölkəsində, daha sonra 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələblərindən dolayı kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı adlandırılıb. “Mavi bayraq” ən yüksək meyarlara cavab verən çimərliklərə Avropa Birliyi “Çimərlik suyu direktivi”nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən verilən nümunəvi xidmət göstəricisidir. “Mavi bayraq” sertifikatı 4 meyar üzrə müəyyənləşir, suyun təmizliyi, ekologiyanın qorunması,təhlükəsizlik və istirahət edənlərin məlumatlandırılması. Mavi bayraqlı çimərliklərdə lazımi sayda zibil qutusunun yerləşdirilməsi, tullantıların vaxtlı-vaxtında daşınması, ev heyvanlarının çimərliyə girişinin beynəlxalq qanunlara görə müəyyən edilməsi, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması, yetərli sayda xilasedicilərin mövcudluğu, ətrafı çirkləndirə biləcək qəza risklərinə qarşı tədbirlərin vaxtında həyata keçirilməsi kimi vacib məsələlər də əsas götürülür. Bayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir. “Mavi bayraq” çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir. Ancaq proses bununla da yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar aparılır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, “Mavi bayraq” geri alınır və ondan istifadəyə qadağa qoyulur. Qeyd edək ki, “Mavi bayraq” statusu çimərlik zonalarında turizm potensialının inkişafına müsbət təsir edir. Beynəlxalq səviyyəli bu mükafatı almaq isə hər çimərliyin öz işini yüksək səviyyədə həyata keçirməsinin göstəricisi olaraq turistlərin diqqətini cəlb etməkdədir. Bu gün dünya miqyasında “Mavi bayraq” statuslu çimərlik zonaları əsasən Avropa və Şimali Amerika ölkələrinin ərazisindədir. Çimərlik turizmindən milyonlarla vəsait əldə edən qardaş Türkiyə Respublikası ərazisində “Mavi bayraq” statuslu çimərlik zonalarının sayı ildən ilə artır. Məhz bunun nəticəsidir ki, 2015-ci ildən etibarən İspaniyadan sonra qardaş Türkiyə Respublikası ərazisində olan “Mavi bayraq” statuslu çimərlik zonalarının sayına görə dünyada ikinci yeri tutur. Azərbaycanda olan çimərliklərdən isə hələ heç biri “mavi bayraq” almayıb. Ümid edək ki, yaxın gələcəkdə ölkəmiz çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud olan potensialından daha səmərəli istifadə edəcək və çimərliklərimizdə dünya standartlarında xidmətlər təklif edərək “Mavi bayrağa” layiq görüləcək.
Biz də QHT olaraq ölkəmizdə mavi bayraqlı çimərliklərin olması üçün bu ideyanı təbliğ etmək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyimiz bu layihə çərçivəsində “mavibayraq.net” saytı hazırlayıb istifadiyə verdik. Bundan sonrada bu ideyanın ölkəmizdə populiyarlaşması üçün həm bu sayt üzərindən həm də digər fəaliyətlərimizlə öz töhfəmizi verməkdə davam edəcəyik. Fürsətdən istifadə edərək bizə maliyyə dəstəyi verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümü bildirirəm.
Saytın təqdimatı olduqdan sonra vətəndaş cəmiyyəti nümayəndələri və gənc fəallar tədbirin əhəmiyyətindən danışaraq bu istiuqamətdə təşkilatçılara uğurlar arzuladılar.