Sentyabrın 9-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Mərkəzin Şəki filialında “Regionlarda oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi seminar keçirilib.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildirilib ki, Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə keçirilən seminar region həkimləri tərəfindən gənc oftalmoloqların inkişafına dəstək ola biləcək qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması məqsədini daşıyırdı.
Seminarda Faiq Quliyev “Akademik Z.Əliyeva adına MOM-um Şəki filialının regionda rolu, gecikdirilmiş kataraktalar və baş verə biləcək fəsadlar”, Sona İbrahimova “Qapalı bucaqlı qlaukoma haqqında nə bilməliyik? Əsas məqamlar”, Elsevər Həmidov “Şəki filialında vitreoretinal xəstəliklərin müalicəsi”, tibb üzrə fəlsəfə doktoru Ruhəngiz Balayeva “Göz qapaqlarının bədxassəli törəmələri”, tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova “Kataraktanın ekstraksiyası əməliyyatından sonrakı qalıq refraksiyanın Eksimer lazerlə korreksiyası”, Humay Bayramova “Göz travmalarına düzgün yanaşma taktikası”, Rövşən Rəcəbli “Buynuz qişa xəstəlikləri və keratoplastika”, Lalə Məmmədova “ Şəki şəhərində çəpgözlük diaqnozu ilə aparılan müayinə və müalicələrin nəticəsi” kimi mövzularda təqdimatlar ediblər, mövzular ətrafında müzakirələr aparılıb.
Çıxışlar zamanı oftalmoloqlar öz bilik və praktik bacarıqlarını bölüşüb, həmçinin təkliflər səsləndiriblər.