Azərbaycanda sosial xidmətlər sahəsində beynəlxalq konfrans keçirilir - FOTO

Azərbaycanda sosial xidmətlər sahəsində beynəlxalq konfrans keçirilir - FOTO backend

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Qaziler.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən və iki gün davam edəcək konfransda 50 xarici, 110 yerli qonaq, eləcə də 40 beynəlxalq təşkilat iştirak edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, ötən əsrin 90-cı illərində müstəqil Azərbaycan dövlətini quraraq uzunmüddətli inkişaf yoluna səfərbər edən Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizin uğurlu sosial inkişaf strategiyası yaradılıb. Bu strategiya Prezident İlham Əliyev tərəfindən mükəmməl islahatlarla davam və inkişaf etdirilir.

Nazir dövlət başçısının tapşırıqları ilə son beş ildə 4 sosial islahat paketi icra olunduğunu, bu islahatlar üzrə ayrılan əlavə illik vəsaitin 7 milyard manata çatdığını, sosial ödənişlərdəki ciddi artımları, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması istiqamətində uğurları diqqətə çatdırıb.

Sahil Babayev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən olduğunu vurğulayıb. Bildirib ki, DOST mərkəzlərində 159 xidmət “bir pəncərə”dən, innovativ texnologiyalarla, modern və çevik, tam şəffaf mexanizmlər üzərində təqdim edilir və DOST ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.

Nazir qeyd edib ki, 2019-cu ildən bu vaxta qədər DOST Agentliyi və 7 DOST mərkəzi, işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində ilk Smart DOST Xidmət məntəqəsi açılıb:

"DOST mərkəzlərində ötən dövrdə 1 milyon 730 min vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizə çatdırılıb".

Nazir DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi, DOST Agentliyinin 13 beynəlxalq mükafata və sertifikata (Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı”, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı, Mükəmməllik Sertifikatları və s.) layiq görüldüyü, bir çox ölkələrin DOST təcrübəsini tətbiq etməyə maraq göstərdiyini vurğulayıb. Ümumilikdə, nazir Azərbaycanda son 5 ildə aparılan sosial islahatların uğurlarının təkcə keçən il və bu ilin ötən dövründə 40-a yaxın beynəlxalq mükafat və sertifikatla təltif edildiyi bildirib.

Qeyd olunub ki, DOST modelinin unikallığı, qazanılmış nailiyyətlər əsasında faydalı təcrübə mübadiləsinə şərait yaradan bu Konfransın məqsədlərindən biri də yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə dövlət sosial xidmətləri sahəsində müasir texnologiyaların, innovativ həllərin geniş tətbiqinə əsaslanan inkişaf perspektivlərinin, gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Fəxri qonaqlar qismində Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış ediblər.

Vahid platforma üzrə mövcud təcrübələrin bir araya gətirilməsi, trendlərin müəyyən edilməsi, DOST konsepsiyası tanınma səviyyəsinin daha da artırılması, DOST xidmətləri barədə beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması və s. tədbirin əsas hədəfləridir.

Konfrans iki plenar və üç paralel iclasdan ibarət olmaqla yerli və beynəlxalq ekspertlərin müxtəlif mövzularda təqdimat, panel müzakirəsi və çıxışları ilə davam edir.

 

Diaspora