Bakıda və Abşeron yarımadasında sentyabrın 9-dan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı ehtimalı var.
Sentyabrın 10-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 30-34 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 12-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.