Nizami Kino Mərkəzində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılışı olub.
"Report" xəbər ki, açılış mərasimində iştirak edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, burada 13 ölkədən 39 film nümayiş olunacaq.
Onun sözlərinə görə, festival çərçivəsində 20 tədbirin keçirilməsi və 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulub.
"Keçirilən festivalın mövzusu “Qadın hüquqları”dır. Burada bilet satışlarından əldə olunacaq gəlir azərbaycanlı gənc qadın rejissorlara ianə ediləcək", - nazir müavini deyib.
Festival müsabiqə, müsabiqədənkənar və peşəkar proqramlardan ibarətdir:
Müsabiqə proqramına iki yerli və iki beynəlxalq kateqoriyalar, “Tamaşaçı rəğbəti mükafatı” daxildir. Müsabiqə qaliblərinin seçimi beynəlxalq münsiflər heyəti və uşaq tamaşaçılar tərəfindən həyata keçirilir.
Müsabiqədənkənar proqramda tematik nümayişlərin – festivalın mövzusuna uyğun filmlərin və retrospektivlərin – dünyaca məşhur animasiya müəlliflərinin əsərlərinin nümayişləri nəzərdə tutulub.
Peşəkar proqram xarici və yerli animasiya mütəxəssislərinin ustad dərsləri və vörkşoplardan ibarətdir.
Peşəkar proqram çərçivəsində həmçinin, İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin dəstəyi ilə “Women Rights Through Animated films” inkişaf vörkşopu və maliyyə proqramı keçiriləcək.
Qeyd edək ki, müsabiqə qaliblərinin seçimi 6 xarici mütəxəssisin də daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçirilir.
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının xüsusi qonağı “Oscar” mükafatı qazanmış niderlandəsilli rejissor Maykl Dudo de Vitdir.