Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
President.az-ın xəbərinə görə, fərmanla 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək:
- sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;
- sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;
- dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;
- həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
Fərmanla müəyyən edilir ki, yekun tibbi müayinə ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq.
Yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi ƏƏSMN-in nərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi üzərindən həyata keçirilir.
Nazirlər Kabinetinə altı ay müddətində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, həmçinin fərmandan irəli gələn maliyyələşməni təmin etmək, eləcə də agentliyin inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görüb Prezidentə məlumat vermək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.
Nazirlik, həmçinin, 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etməlidir.