Məktəblilər arasında İqtisadiyyat Müsabiqəsinin qalibləri Avropada təşkil ediləcək beynəlxalq olimpiadaya qatılmaq üçün Slovakiyanın paytaxtı Bratislavaya yola düşüblər. Qeyd edək ki, Azərbaycan, ingilis və rus dillərində keçirilən bu ilki müsabiqədə ölkəmizin 150 məktəbindən 300-dən çox şagird iştirak etmişdi. 5 ən yaxşı nəticə göstərənlər artıq beynəlxalq olimpiadaya qatılırlar.
Qaziler.az bildirir ki, bu barədə millət vəkili Vüqar Bayramov öz feysbuk səhifəsində yazıb.
"Bratislavada yerləşən İqtisad Universitetində müxtəlif ölkələri təmsil edən 80.000 şagird arasından seçilən 80 nəfərə yaxın finalçı Beynəlxalq Final Raundu üzrə yarışacaqlar. Yarışma üzrə birinci yeri tutana 1000, ikinci ən yaxşıya 300, ən yaxşı üçlüyü tamamlayana isə 200 avro mükafat ödəniləcək.
Qeyd edək ki, müsabiqə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) İqtisadi Təhsil İnstitutu (İNEV) ilə birgə reallaşdırdığı beynəlxalq yarışmadır. Elm və Təhsil Nazirliyi müsabiqənin təşkilinə xüsusi dəstək vermişdir. Müsabiqənin məqsədi orta məktəb şagirdləri arasında iqtisadiyyat və maliyyə sahələrinə marağı stimullaşdırmaq və iqtisadi təhsili təşviq etməkdir", - V.Bayramov qeyd edib.
QAZİLER.AZ