QAZİLER.AZ Redaktor.az-a istinadən xəbər verir ki, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş “Zəfər yolu” adlı tədbir-konsert layihəsi həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir-konsert 2 sentyabr 2023-ci il tarixində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçirilib.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı əsgərlər qarşısında çıxış edərək ifa etdiyi mahnıların yaranma tarixindən danışaraq qeyd edib ki, bu mahnılar gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dəstək olmuşdur. Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılığı, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən vacib vəzifələrdən biridir – deyə Şəmistan Əlizamanlı vurğulayıb.
Tədbirdə əsgər və zabit heyətinin qarşısında çıxış edən Hərbi prokurorluğun əməkdaşı, ədliyyə müşaviri Samir Əzimzadə, birinci Qarabağ döyüşlərinin iştirakçısı İsmayıl Həkimli, “Qarabağ Qaziləri” İctimai Birlyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu çıxış ediblər. Çıxışçılar bildiriblər ki, hər bir dövlət vətənpərvər insanların sayəsində inkişaf edir. Ölkənin gələcəyi gənclərin nə dərəcədə vətənpərvər olmasından, vətənə xidmət etməsindən və hər bir vətəndaşın bu vətənin əsgəri olduğundan asılıdır.
Tədbir iştirakçıları “Zəfər yolu” layihəsini yüksək qiymətləndiriblər və bunun çox böyük əhəmiyyəti olduğunu qeyd ediblər. Bu kimi gərəkli layihələrə dəstək verdiyi üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbir Şəmistan Əlizamanlının ifa etdiyi hərbi mahnılarla başa çatıb.