Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın inkişafı sahəsində 2 saziş imzalayıb.
Trend-in məlumatına görə, sənədlər Yekaterinburqda keçirilən VI Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində imzalanıb.
"Lotos xüsusi iqtisadi zona" SC və Azərbaycanın "Mətanət-A" şirkətlər qrupu arasında sərmayə layihəsinin reallaşdırılması üzrə niyyət sazişi imzalanıb. Sazişi SC-nin baş direktorunun birinci müavini Sergey Stimasov və "Mətanət-A" şirkətinin prezidenti Elxan Bəşirov imzalayıblar.
Tərəflər, həmçinin Rusiyanın Xarici Ticarət və Beynəlxalq İqtisadi Əlaqələrin İnkişafı Şurası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında saziş imzalayıblar.
Sənəd "Xarici Ticarət və Beynəlxalq İqtisadi Əlaqələrin İnkişafı Şurası" muxtar qeyri-kommersiya təşkilatının İdarə Heyətinin sədri Maksim Çereşnev və AZPROMO-nun rəhbəri Rüfət Məmmədov tərəfindən imzalanıb.