Bu ildən başlayaraq Türkiyə bu ölkənin turizm obyektlərinə Azərbaycandan turistlərin təyyarə ilə daşınması üçün kompensasiya kimi hər reysə görə 6 min dollar ödəmək niyyətindədir. ANS PRESS-in Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, bu addım Türkiyənin 2015-ci ildən ölkəyə gələn turistlərin sayını artırmaq istəyi ilə bağlıdır. Bu məqsədlə Türkiyə yuxarıda bəhs edilən güzəşti Azərbaycanla yanaşı Rusiya, İran, Ukrayna, Moldova, Tacikistan, Gürcüstan və Özbəkistandan gələn turistlərə də şamil edəcək.
Türkiyə mədəniyyət və turizm naziri Nihat Zeybekçi bildirib ki, ölkəsi xarici turistləri cəlb etmək üçün bütün imkanlardan istifadə edəcək. Ölkə bu sahədə ciddi problemlə üz-üzədir. Türkiyə statistika xidmətinin məlumatlarına görə, 2015-ci ilin ikinci rübündə PKK terrorunun fəallaşması ilə əlaqədar ölkənin turizm gəlirləri 13,8% azalaraq 7,733 milyard dollara enib. Ankaranın bütün addımları bu problemin həlli ilə bağlıdır.
Azərbaycanın turizmlə bağlı problemləri isə artıq 10 ildən çoxdur ki, davam edir. Turizm sektoruna bu qədər sərmayə yatırılmasına baxmayaraq ölkənin gəlirləri Türkiyə kimi dövlətlərlə müqayisədə çox aşağıdır. Rəsmi statistikaya görə, keçən il Azərbaycana turist yollayışı ilə təxminən 10 min nəfər gəlib. Bu, 10 il əvvəlki səviyyə ilə müqayisədə təxminən 2 dəfə azalma deməkdir, 10 il qabaq turist yollayışı ilə gələnlərin sayı 20 min ətrafında dəyişirdi. Bir turistin orta hesabla Azərbaycanda 500 ABŞ dolları xərclədiyi nəzərə alınarsa, 2014-cü ildə Azərbaycanın turizmdən gəlirlərinin 5 milyon dollar olduğunu düşünmək olar. Bunu Türkiyənin 7,7 milyard dollarlıq gəliri ilə heç cür müqayisə etmək olmaz. Potensial imkanlar nəzərə alınarsa, Azərbaycan turizmdən ildə ən azı 1 milyard dollar qazana bilər. Amma son illərdə ölkəyə turistlərin cəlbi istiqamətində heç bir addım atılmayıb. Əksinə, ildən ilə azalma baş verib.

Turizm agenlikləri xaricdən turistlərin cəlbi istiqamətində güzəştlərin tətbiqini vacib sayırlar. "Biz də turistlərin ölkəmizə axınını çox olmasını istəyirik. Bunun üçün bu istiqamətdə bir çox bir güzəştli şərtlər yaradılmalıdır. Otel sahibləri qiymətlərdə endirimlər etməli, təyyarə biletlərin qiymətlərinə güzəştlər tətbiq olunmalıdır. Biz də öz "Facebook" səhifəmizdə, ya da saytımızda bu barədə turistlərə xəbər verib, onları ölkəmizə dəvət edə bilərik", - deyə turizm agenliklərindən birində çalışan Murad Musayev ANS PRESS-ə bildirib.
Mədəniyyət və Turizm Nazirliyi məsələyə kompleks yanaşmağın vacibliyini vurğulayırlar. Nazir Əbülfəz Qarayev bu gün keçirdiyi mətbuat konfransında qiymətlərin normal olması üçün iqtisadi mexanizmlərin bir-birini tamamlamalı olduğunu bildirib: "Heç kəs gözləməməlidir ki, cənab prezidentin tamamilə düzgün ifadə etdiyi tənqidlərindən sonra nazirlik əmr imzalayacaq və bütün qiymətlər yüz faiz aşağı düşəcək, sabahdan hamı bütün otellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq. Növbəti mövsümə qədər bizdə mənzərə artıq tam aydınlaşacaq."

Nazir qeyd edib ki, turizm məkanlarında süni şişirmələrin olduğu yerlərdə qiymətlər yoxlamalardan sonra azalıb. Yay mövsümünün sonu üçün regionlarda yerləşən otellərin 30 faizində qiymətlər təxminən 10-15 faiz aşağı düşüb.
"Daha aşağı təbəqələr üçün də ucuz qiymətlərin olması istiqamətində yeniliklər gözlənilir. Artıq bununla bağlı tapşırıqlar verilib. Üçulduzlu otellərin tikilməsi regionların iqtisadi inkişafı ilə bağlı olan layihələrdə artıq öz əksini tapıb. Bu məsələ İqtisadiyyat və Sənaye, Mədəniyyət və Turizm nazirlikləri və icra hakimiyyətləri tərəfindən nəzərə alınır”, - deyə Əbülfəz Qarayev vurğulayıb.
