""Facebook" çox gözəl görünür bu gün. Tələbə adı qazananlara təbriklər dolub-daşır. Əladır. Bu cür xoş xəbərlər çox eşidək. Və əlbəttə burada da diqqətimi çəkən bir məqam var. Ki, buna təəssüflənməyə bilmirəm".
Qaziler.az xəbər verir ki, bu fikirlər Əməkdar jurnalist Azər Həsrətə məxsusdur. O, paylaşımında soyadı sonluqları ilə bütün gənclərə müraciət edib:
"Baxıram ki, cəmi 17-18 yaşı olan gənclərimizin çoxunun soyadları hələ də ruscadır. Niyə də, bax, niyə? Axı bunlar müstəqillik dönəmində dünyaya gəliblər. 2005-2006-cı illərdə müstəqil Azərbaycanda doğulmuş uşaqlar niyə rusca soyad daşımalıdır da? Sonra da deyirik ki, Qarabağda ruslar at oynadır, erməni bizi saymır-filan! Biz adicə bir soyad sonluğu məsələsinə bu qədər biganə yanaşanda, əlbəttə ki, rus da, erməni də təpəmizdə oturacaq! Ermənilər SSRİ dövründə belə öz milli soyad sonluqlarını qoruyublar, bizsə müstəqillik dövründə, özü də Azərbaycanın bu qədər inkişaf etdiyi bir zamanda hələ də urusun ətəyindən əl çəkmirik!
Sözüm gənclərədir! Ata-analarınız tənbəllik, biganəlik edərək sizə doğuşdan milli sonluqlu soyad verməyiblər. Siz özünüz bu yanlışı düzəldin. Daşımayın işğalçı urusun soyadını üzərinizdə. Siz hələ gəncsiniz, həyatınız qabaqdadır. Öz milli soyad sonluğumuza keçin. Çox asandır bunu etmək. Elə şəxsiyyət vəsiqəniz və doğum haqqında şəhadətnamənizlə ASAN xidmətə yaxınlaşın, məsələ anında həll ediləcək".
QAZİLER.AZ