Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Bakı Dövlət Universitetinin tələbələri ilə görüş keçirib. Görüşdə BDU-nun fəal tələbələri iştirak ediblər. YAP Gənclər Birliyi Ofisinin fəaliyyətini əks etdirən qısa video çarx nümayiş olunub.
YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, tədbiri BDU-nun Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov giriş sözü ilə açıb. Sonra YAP GB ofisinin rəhbəri, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov tələbələrə ofisin fəaliyyəti haqqında geniş məlumat verib.O, eləcə də YAP gənclərinin beynəlxalq aləmdəki nüfuzu, ölkədaxilində apardığı vətənpərvərlik ruhunun aşılanması istiqamətində görülmüş işlərdən məlumat vermiş və ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan danışıb.
Ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığının artmasının əhəmiyyətini qeyd edən Ə.Pənahov həmçinin gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində Gənclər Birliyinin mühüm tədbirlər həyata keçirdiyini, onların səmərəli fəaliyyətə cəlb olunduğunu vurğulayıb. Görüşdə Gənclər Birliyinin fəaliyyəti, strukturu, ofisdə gənclərin könüllü çalışmaları üçün yaradılan şərait haqqında da qısa məlumat verib.
Sonra YAP Gənclər Birliyinin koordinatoru, YAP Səbail rayon təşkilatı Gənclər Birliyi sədr müavini Fərid Nəsibov YAP GB-nin keçirmiş olduğu mühüm layihələrdən, hal-hazırda fəaliyyət göstərən dil kurslarından, “Siyasi Debat Klubundan”, Liderlik kurslarından və s. kimi layihələrdən danışıb. O, eləcə də ilin sonuna qədər nəzərdə tutlan layihələr haqqında BDU tələbələrinə məlumat vermiş və qeyd edib ki, bu gün gənclərimiz istər təhsildə, istər ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, gündən-günə inkişaf edən Azərbaycanın daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəmirlər.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərlə iş xüsusi yer tutur. YAP Gənclər Birliyinin ölkəmizdə ən böyük gənclər təşkilatı olduğunu deyən YAP Gənclər Birliyinin koordinatoru, YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aliyə xanım Ağrılı, partiyanın sıralarında yüksək intellektli gənclərin birləşdiyini diqqətə çatdırıb.
Sonda YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev gənclərin sosial həyatda daha da aktiv olmasını, eləcə də cənab Prezident İlham Əliyev tərəfindən yaradılan şəraitdən və göstərilən qayğıdan səmərəli istifadə etməsini gənclərə tövsiyyə etmişdir. YAP sıralarına qatılan gənclərin sayı ildən-ilə artır və bu proses hazırda uğurla davam etməkdədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, fəaliyyəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Yeni Azərbaycan Partiyasının sıralarına qatılmaq istəyənlərin sayının olduqca çox olmasını tələbələrin diqqətinə çatdırıb.
Sonda YAP Gənclər Birliyinin fəaliyyəti haqqında suallar cavablandırılıb.