Qəhraman oğullarımızın tanıdılması üçün “Zabit şərəfi” sənədli filmi çəkiləcək - FOTO

Qəhraman oğullarımızın tanıdılması üçün “Zabit şərəfi” sənədli filmi çəkiləcək - FOTO backend

Vətən uğrunda canından keçən soydaşlarımızın hər birinin valideynləri “Təki Vətən yaşasın” deyə bilirsə,  Azərbaycanın ailə institutunun əhəmiyyəti bu baxımdan əvəzolunmazdır. Cəmiyyət də öz növbəsində şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması üçün çalışmalıdır. Gənc nəslin şəhidlərimizi unutmaması və onların qəhramanlığına dəyər verməsi Azərbaycanın ərazi bütövlüyü üçün çox vacibdir.

Azərbaycan Ordusunun mayoru, şəhid Anar Məmmədov və digər şəhid mayoru Şahlar Fəzail oğlu Cəfərov isə məhz belə ailələrin övladlarıdırlar. Anar Məmmədov və Şahlar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərinin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan, 44 gün davam edən Vətən müharibəsi zamanı Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Anar Məmmədov Xocavənd döyüşləri zamanı yaralansa da, bir gün hospitalda müalicə aldıqdan sonra döyüş meydanına geri dönüb, düşünüb ki, döyüş yoldaşlarına onun köməyi mütləq lazımdır. Döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi mərdlik və igidlik hərbçi yoldaşları arasında dillər əzbəridir. Anar Məmmədov Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına da qatılaraq, şəxsi igidliyi və şücaəti ilə əsgərlərə nümunə olmağı bacarıb. Sonuncu döyüşə gedərkən o, qərargah rəisi vəzifəsində olub. Vəzifəsindən asılı olmayaraq, hamı bir nəfər kimi Vətən müdafiəsinə qalxıb. Çox çətin olacağını bilsə də, Anar Məmmədov ölümdən qorxmadan döyüşün önündə gedib. 

Ağır döyüşlərin birində, oktyabr ayının 20-də Anar Məmmədov Xocavəndin Tuğ kəndi istiqamətində gedən döyüşlər zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, sonda bir gülləsi qalıb, onu da özünə vuraraq şəhid olub.

Sabirabad rayonunun Cavad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün mayor Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda",
"Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Anar Məmmədov 1986-cı il mayın 2-də Sabirabad şəhərində anadan olmuşdu. Ailəli idi. 2 qızı yadigar qalıb. 

Azərbaycan Ordusunun mayoru olan Şahlar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Şahlar Cəfərov oktyabrın 14-də Hadrut döyüşləri zamanı şəhid olub. Sabirabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Şahlar Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə" medalları və Vətənə xidmətə görə 3-cü dərəcəli ordenlə təltif edilib.

"Təki Vətən yaşasın!" deyə bilən oğullar Vətəni yaşatmaq üçün özlərini qurban verdilər. Layihəmizdə çəkiləcək “Zabit şərəfi” sənədli filminin qəhramanı mayor Anar Məmmədov və Şahlar Cəfərov döyüşün önündə gedərkən özlərini deyil, vətəni və qələbəmizi düşündülər.

Layihənin qarşımıza qoyduğu məqsəd şəhidlərin tanıdılması, onların adlarının əbədiləşdirilməsidir. Eyni zamanda şəhidlərimizin uğrunda canlarını quraban verdikləri ideyanın yayılmasına, şəhidlərimizin əziz xatirəsinin qiymətləndirilməsinə cəmiyyətin səfərbər edilməsinə çalışmaqdır. 

Azərbaycan Respublikasının Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyinin həyata keçirdiyi “Qəhraman oğullarımızın tanıdılması üçün “Zabit şərəfi” sənədli filminin çəkilməsi”adlı layihənin icrasının Sabirabad rayonunda və Bakı şəhərində həyata keçirilməsi nəzərdə tutulur. “Zabit şərəfi” filminin təqdimat təqdirləri keçiriləcək. Tədbirlərdə film nümayiş ediləcək və filmə aid disklər tədbir iştirakçılarına paylanılacaqdır.

Layihə rəhbəri Hikmət Əsgərov, layihə rəhbərinin köməkçisi Firəngiz Əkbərova, layihənin mühasibi Xəyalə Quliyevadır. İki ay ərzində layihənin icrası başa çatdırılacaqdır.

Layihə rəhbərinin köməkçisi Firəngiz Əkbərova

MVQSYİB-nin Mətbuat xidməti / QAZİLER.AZ

Diaspora