Azərbaycanlı zəvvarların ilk qrupu Vətənə döndü - QARŞILAMA

Azərbaycanlı zəvvarların ilk qrupu Vətənə döndü - QARŞILAMA backend

Sentyabrın 29-da axşam saatlarında Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupunu gətirən təyyarə Bakıya enib.

APA TV-nin məlumatına görə, zəvvarları hava limanında yaxınları və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri qarşılayıblar. İdarədən APA TV-yə verilən məlumata görə, ilk təyyarə ilə 235 nəfər Vətənə yola salınıb.

Hacı adını qazananlar hava limanına enər-enməz təəssüratlarını APA TV ilə bölüşüblər.

Zəvvarlardan Rövşən İsmayılovun sözlərinə görə, səfərləri yaxşı keçib. Amma baş verən faciələrə görə doğmaları onlar üçün çox narahat olublar: "Şükürlər olsun ki, həmin hadisələrdə həlak olanlar sırasında azərbaycanlı zəvvarlar yox idi. Həmin hadisələr bizi dərindən sarsıtdı. Onlar üçün dua edirik, Allah yerlərini cənnət eləsin".

Ümumi təşkilatçılıqdan danışan Rövşən İsmayılov bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) öhdəliyində olan zəvvarlar səfərlərini nisbətən yaxşı keçiriblər: "Yalnız Ciddə aeroportunda problem yaşadıq. 6 saat əvvəl bizim təyyarəmiz Bakıya enməli idi. Bizə bildirdilər ki, təyyarənin texniki heyəti yorulub və istirahət etməlidir. Ona görə onları gözləməli olduq. Bu qədər zəvvar ac-susuz hava limanında gözləməli oldu".

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 2400 yer ayrılmışdı. Bu il ilk dəfə olaraq sənəd qəbulunun vaxtı əlavə iki ay uzadılmışdı. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunurdu. Daha yaxşı şəraitli (VİP) hotellərdə qalmaq, keyfiyyətli yeməklərlə təmin olunmaq və 4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz - 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollar idi. Sənədlərin qəbulu isə yalnız QMİ-də aparılırdı. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutdu. Uçuşları AZAL həyata keçirdi. Eyni zamanda bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparıldı.


Diaspora