“Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu”.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışında deyib.
“Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayanan onlarabənzər məxluqlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.
Ona görə Laçın rayonu ilə bağlı bir çox önəmli tarixi hadisələr baş vermişdir. Bu gün Laçın şəhəri, görün, necə də gözəldir cəmi 8-9 ay ərzində, heç bir il keçməyib. Biz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında qonaqları qəbul edirik. Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəlib, xarici ölkələri təmsil edən diplomatlar gəlib. Bu, bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır”, - deyə dövlət başçısı vurğulayıb.