BANM-in tələbəsi “SOCAR-AQŞ”- nin təqaüdünü qazandı Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Eltun Sadıxov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş beş tələbə arasından seçilərək “SOCAR-AQŞ” şirkətinin təqaüdünü qazanıb.
BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “SOCAR-AQŞ” şirkətinin nümayəndələri tərəfindən keçirilən müsahibədə uğur qazanan Eltun Sadıxov bir tədris ili ərzində bu şirkətin təqaüdünü alacaq.Bununla bağlı öz təəssüratlarını bizimlə bölüşən tələbə Eltun Sadıxov deyir ki, “SOCAR-AQŞ “ kimi dünya standartlarına uyğun Azərbaycan şirkətlərindən birinin təqaüdünə layiq görülməsini özü üçün çox böyük uğur hesab edir: “Çünki nə vaxtsa “SOCAR-AQŞ-nin təqaüdünə layiq görülmüşəm” dedikdə, bu, mənim haqqımda çox şey deyəcək. Digər tərəfdən, bu təqaüd növbəti iki ildə daha yaxşı çalışmağım üçün bir motivasiyadır”.
Qeyd edək ki, Eltun Sadıxov 2012-ci ildə 676 balla Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub, həmin il Prezident təqaüdünə layıq görülüb. 2013-cü ilin mart ayında BANM-də keçirilən Tələbələrin Birinci Elmi Konfransında üçüncü yeri qazanıb.
Eltun Sadıxov SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində əsas neft və qaz sənayesinə aid təchizatlar üzrə təlimdə, “Dənizdə təhlükəsizlik” təlimində iştirak edib.
O, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” və “28 May” Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) yay təcrübəsi keçib.