Füzuli şəhərində içməli və tullantı su sistemlərinin yaradılması məqsədilə təxirəsalınmaz tədbirlər görülüb. Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən layihə həyata keçirilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Füzuli şəhərini içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb.
Plana əsasən, Füzuli şəhərində yeni içməli su təchizatı sistemləri yaradılanadək mövcud imkanlardan istifadə olunması qərara alınıb. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası inşa edilib. Su mənbəyindən Füzuli şəhərinə qədər 630 mm diametrli magistral su kəməri inşa edilib.