"Qardaşım Nofəlin nəşinin qalıqlarının tapıldığını eşidəndə göz yaşlarımı saxlaya bilmədim. O, çox həssas, vətənpərvər oğlan idi".
"Report" xəbər verir ki, bunu 31 il əvvəl 1-ci Qarabağ döyüşlərində itkin düşən, 31 ildən sonra meyitinin qalıqları tapılan Nofəl Qurbanovun qardaşı Namiq Qurbanov deyib.
Onun sözlərinə görə, qardaşı 1991-ci ildə könüllü olaraq 1-ci batalyonun tərkibində döyüşlərə qatılıb.
"Qardaşım ailəsinə və dostlarına qarşı da çox qayğıkeş olub. Döyüşlərdə böyük şücaət göstərib. Onun qisməti bu idi ki, vətən uğrunda şəhid olsun. Cənab Prezidentimizə minnətdarıq ki, apardığı uğurlu siyasət və ordumuzun gücü hesabına torpaqlarımız işğaldan azad edildi. Daha gözümüz yolda qalmadı. Bizim də qardaşımızı ziyarət etməyə yerimiz olacaq", - deyə şəhidin qardaşı qeyd edib.