E-sosial.az portalı ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsinin qalibi seçilib
Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı növbəti beynəlxalq uğur əldə edərək, bu günlərdə ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində “Dövlət saytı” nominasiyası üzrə “Platinium” kateqoriyasında qalib seçilib. https://enter.amcpros.com/dotcomm/entry/unified-social-registry-e-sosial-az/
Müsabiqənin saytında bu barədə, habelə Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi haqqında məlumat verilməklə, e-sosial.az portalına birbaşa keçid (“Unified Social Registry – e-sosial.az”) imkanı yaradılıb. Saytda portala və pensiya kalkulyatoruna dair posterlər də təqdim edilir.
Yaradıcılıq və rəqəmsal ünsiyyətdə mükəmməlliyi müəyyən edən “dotCOMM Awards” müsabiqəsi internetin inkişaf edən alətlərini (interaktivlik, məzmun, dizayn, sosial media, video, proqramlar, bloqlar, saytlar, marketinq və reklam kampaniyaları) əhatə edir.
80-dən çox ölkənin iştirak etdiyi müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, İtaliya, Almaniya, Çin, Səudiyyə Ərəbistan və s. ölkələrdəki rəqəmsal alətlər qaliblər sırasında yer alıb.
Bundan əvvəl də e-sosial.az portalı (həmçinin 2022-ci ildə işə salınan “Əmək və Məşğulluq” altsistemi) Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə e-sosial.az portalını qabaqcıl innovativ təcrübələrdən biri kimi təqdim edib.
2019-cu ildən istifadəyə verilən e-sosial.az vətəndaşlara onlar barədə sosial məlumatlara real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir. Təkcə bu ilin 7 ayında portaldan 4,6 milyon dəfə istifadə qeydə alınıb.