Avqustun 20-də Bakının mərkəzində yolun bir hissəsi tamamilə bağlanacaq.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, paytaxtın Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Məhdudiyyət Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər (“Sahil” metrostansiyası yaxınlığında) küçəyə yeni asfalt örtüyünün döşənməsi ilə bağlıdır.
Polis mayoru qeyd edib ki, sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə dolama yoldan istifadə etməlidirlər - Hökumət evinin yanından keçərək düz Rəşid Behbudov küçəsi ilə kəsişməyə, sonra düz Bülbül prospektinə, sonra sola, “Sahil” metrosunun yanından sonra sağa, Zərifə Əliyeva küçəsinə və daha da irəli Azneft dairəsi.
“Sürücülərə avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə A.Əsgərli vurğulayıb.