Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın adlı mükafatları üzrə müsabiqələr elan edilib.
AMEA-dan Lent.az-a verilən məlumata görə, Nizami Gəncəvi adına Qızıl medal mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə ölkə vətəndaşları və əcnəbilərə ildə bir dəfə təqdim ediləcək. Dövlət başçısının fərmanına əsasən, medalla təltif etmək səlahiyyəti AMEA Rəyasət Heyətinə verilib. Rəyasət Heyəti medal ilə təltif etmək üçün Qaydaların təsdiq edilməsi və müsabiqə elan olunması haqqında qərar qəbul edib.Sonra iclasda AMEA-nın adlı mükafatları üzrə müsabiqə elan olunması məsələsinə baxılıb. Adlı mükafatlar elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə təsis olunub.
Rəyasət Heyəti AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə 2015-cil il üçün müsabiqə elan olunması haqqında qərar qəbul edib. Vurğulanıb ki, haqqında danışılan mükafatlar müvafiq elm sahələri üzrə mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.
Nizami Gəncəvi adına Qızıl medala və adlı mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi texniki şuralar tərəfindən irəli sürülə bilər.