Ərini sifarişlə öldürtdürməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin məhkəmə baxışı başlayıb.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əzizə Seyidovanın vəkili vəsatətlə çıxış edib. O, vəsatətində cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama görə, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etməsinə görə öldürmək istəyib. O bu məqsədlə "siçan dərmanı" alaraq Əli Seyidlinin yeməyinə qatmaq istəyib. Sonradan bu fikrindən daşınaraq onu qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə Əzizə Seyidli tanışı Mehdi Məmmədliyə ərinin ölümünü sifariş verib. 2022-ci ildən etibarən Əzizə Seyidli Mehdi Məmmədli ilə "Instagram" vasitəsilə mütəmadi danışıb, ona ərinin evə gəlib-getmə vaxtlarını deyib. 15 mart 2023-cü ildə o, Mehdi Məmmədli ilə danışıb və ərinin həmin gün öldüməyi tapşırıb. M. Məmmədli də sifarişə uyğun olaraq, dostları ilə birlikdə gecə saat 00:00 radələrində Əli Seyidlinin yaşadığı ünvana gələrək gozləyib. Əli Seyidli evinə daxil olarkən M. Məmmədli və dostları onun qarşısını kəsərək çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
İttihama münasibət bildirən Əzizə Seyidova özünü təqsirli bilməyib.
Digər təqsirləndirilən Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev özlərini qismən təqsirli bilib.
Qeyd edək ki, qətl hadisəsi bu ilin martın 15-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Əli Seyidli yaşadığı evin qarşısında öldürülüb. Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin törətdikləri məlum olub.
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib.