Şəhid və qazi bacısı xidmət rəisinə məktub yazdı - FOTOLAR

Şəhid və qazi bacısı xidmət rəisinə məktub yazdı - FOTOLAR backend

Redaksiyamıza Yevlax rayonundan maraqlı bir müraciət daxil olub. Adətən, biz şikayət məktubları alırıq, amma bu dəfə fərqli məktub almışıq.

Qaziler.az xəbər verir ki, iki qardaşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib biri şəhid, digəri isə qazi olan qəhrəmanlarımızın bacısı Ağayeva Yeganə Tahir qızı bunları yazır:

“Mənim iki qardaşım Saleh və Taleh torpaqlarımıza yağı düşmən hücumu başlayanda silaha sarıldılar. “Vətən sənə canım fəda deyib” savaşlardan keçdilər. Ağır və şərəfli döyüş yolu keçən Saleh 20 aprel 1993-cü ildə Murovdağ istiqamətində gedən qanlı döyüşlərdə şəhid oldu. Hazırda Yevlax şəhər 6 saylı körpələr evi-uşaq bağçası onun adını daşıyır. Digər qardaşım Taleh də ağır döyüş yolu keçib. O, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralanıb, Qarabağ qazisidir. Əvvəlcə onun itkin düşdüyü xəbəri gəldi. Lakin, çox şükür, sonradan bildik ki, sağdır, amma ağır yaralanıb”.

İki qəhrəman qardaşın bacısı Yeganə xanım Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, cənab Mürsəl İbrahimova məktub yazaraq, hərbi xidmətə çağırılan oğlu ilə bağlı xahiş edib. Xidmət rəisi M.İbrahimov da şəhid və qazi bacısının xahişini yerinə yetirib.

“Düzü, belə tezliklə məktubuma cavab veriləcəyini gözləmirdim. Amma ümid edirdim ki, şəhid və qazi bacısı kimi xahişimi nəzərə alacaqlar. Çox sağ olsun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və onun kollektivi qısa vaxtda xahişimi araşdırdılar və yerinə yetirdilər. Buna görə hörmətli Mürsəl müəllimə öz adımdan, ailəmiz adından dərin minnətdarlığımızı bildiririk.

Yeri gəlmişkən qeyd edim ki, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi, nəzarəti və xüsusi tapşırığı ilə ölkəmizdə bütün istiqamətlərdə islahatlar gedir. Vətəndaş olaraq, müraciət edərkən biz bunun canlı şahidi oluruq və islahatların necə müsbət nəticə verdiyini görürük”, - sonda Yeganə Ağayeva qeyd edib.

Vətəndaşın müraciəti əsasında göstərilən qayğı ilə bağlı readaksiyamıza yazılan təşəkkür məktubu sevindirici haldır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına bu cür diqqət göstərməsi bir nümunədir. Arzu edirik ki, vətəndaşları məmnun etməyən digər dövlət qurumları da bu qurumun vətəndaşlara göstərdiyi xidmətdən nümunə götürsünlər.

QAZİLER.AZ

Diaspora