Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakı və bölgələrdə daha 100 mənzil və fərdi ev verildi

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakı və bölgələrdə daha 100 mənzil və fərdi ev verildi backend

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 5100, bu il 600, ümumilikdə ötən dövrdə 13 900 mənzil və fərdi ev təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakı və bölgələrdə daha 100 mənzil və fərdi ev verilib.

Bakıda mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Xaçmaz rayonunda fərdi evlərin verilməsi tədbirində Nazirliyin Aparatının rəhbəri Fuad Musayev iştirak ediblər. 

Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində  başlanıb və ildən-ilə uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında bu proqram 5 dəfə genişlənib.

Bu gün Bakı və 15-ə yaxın rayonda (Bərdə, Zaqatala, Oğuz, Saatlı, İmişli, Beyləqan, Tovuz, Qazax, Salyan, Ağsu, Xaçmaz və s.) daha 100 mənzil və fərdi ev təqdim olunur. Beləliklə, yeni verilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə dövründə 5 100, bu il 600, ümumilikdə ötən dövrdə 13 900 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. 

Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlar da mənzillə təmin olunur. 

Tədbirdə həmçinin şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi, məşğulluğunun təminatı, reabilitasiya xidmətləri ilə əhatə olunmaları və s. istiqamətlərdə həyata keçirilən ardıcıl dəstək tədbirlərindən də bəhs olunub.

Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daim diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzil və fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

 

Diaspora