Azərbaycan transregional layihəsində liderliyini nümayiş etdirib

Azərbaycan transregional layihəsində liderliyini nümayiş etdirib backend

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (İEOÖ) “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi” mövzusunda yüksək səviyyəli forumunda çıxış edib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Nazir deyib: “BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) statistik göstəricilərinə əsasən, Azərbaycanın dənizə çıxışı olmayan ölkə olaraq inkişaf dəyəri 11,24 faizə bərabərdir. Dənizə çıxışı olmayan İEOÖ kimi Azərbaycan davamlı və hərtərəfli inkişafa nail olmaq və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək üçün dünya iqtisadiyyatına inteqrasiyaya hər zaman mühüm siyasi seçim kimi baxıb”.

E.Məmmədyarov bildirib ki, Azərbaycan uzunmüddətli iqtisadi davamlılıq məqsədlərinin uğurla həyata keçirilməsi baxımından strateji istiqamət kimi dənizə çıxışı olmayan İEOÖ üçün Vyana Fəaliyyət Proqramını alqışlayır. Biz inanırıq ki, Proqramın həyata keçirilməsini təşviq etmək üçün iştirakçı dövlətlərin birgə fəaliyyəti dənizə çıxışı olmamaq probleminin qarşılıqlı faydalı əməkdaşlıq imkanlarına çevrilməsinə yardım edəcək. Ötən bir neçə il ərzində Azərbaycan informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat və enerji sahələrində regionun inkişaf səylərini qarşılamaq üçün onun böyük potensialının aşkar edilməsinə töhfə vermiş bir sıra önəmli təşəbbüslə çıxış edib.

UNESCAP-a əsasən, Azərbaycan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında ən güclü transsərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna malikdir. Nəticə etibarilə, Azərbaycan, xüsusilə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi ilə region üçün mühüm İKT mərkəzinə çevrilib. TASİM həm Avrasiya boyunca genişzolaqlı bağlantının yaradılması, İKT infrastrukturunun inkişafı və elektron ticarətin təşviq edilməsinə dəstək olacaq, həm də rəqəmsal uçurumun region hüdudlarından kənarda aradan qaldırılmasına töhfə verməkdə davam edəcək.

Nazir qeyd edib ki, dənizə çıxışı olmayan İEOÖ-nün dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün səmərəli multimodal nəqliyyat xətlərinin inşasının vacibliyi məlumdur. Bu çərçivədə tarixi Böyük İpək Yolunun bərpası Avropa və Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsində strateji rola malikdir. Azərbaycanın müasir nəqliyyat-tranzit infrastrukturu tərəfdaşlarını sərnişin və yüklərin beynəlxalq daşınmasında daha etibarlı, davamlı və iqtisadi baxımdan səmərəli marşrutla təmin etməklə və multimodal nəqliyyatın həcmini artırmaqla regionlararası və regiondaxili ticarətin genişləndirilməsinə müstəsna şərait yaradır. Azərbaycan qonşu Türkiyə və Gürcüstanla birgə tərəfdaşlıq çərçivəsində Avropa və Asiya arasında ən qısa nəqliyyat bağlantısı olan Bakı-Tbilisi-Qars dəmir yolunu dəstəkləyib və maliyyələşdirib. Azərbaycan, həmçinin yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını uğurla istismara verib. Çindən gələn ilk sınaq konteyneri 2015-ci ilin avqust ayında Xəzər dənizindən keçməklə yeni limana daxil olub. Önəmlisi odur ki, Azərbaycanın bu yaxınlarda Beynəlxalq Dəmir Yolu Daşımaları üzrə Hökumətlərarası Təşkilata qoşulması Asiya və Avropa arasında sərnişin və yüklərin dəmir yolu ilə beynəlxalq daşınması üçün vahid çərçivə yaradacaq.

Xarici siyasət idarəsinin rəhbəri deyib: “Regional enerji təhlükəsizliyinə töhfə baxışımızın əsas təməlini təşkil edir. Azərbaycan transregional əhəmiyyətə malik bir sıra enerji layihələrinin təşəbbüsündə öz liderliyini nümayiş etdirib. Azərbaycan tərəfindən irəli sürülən layihələr regionda sosial-iqtisadi tərəqqiyə təkan verib, həmçinin ölkə sərhədlərindən kənara yayılmasına müsbət təsir göstərib. Bu baxımdan “Cənub” qaz dəhlizinin təşəbbüskarı kimi biz Avropanın enerji təhlükəsizliyinə töhfənin həm regionun digər enerji istehsalçıları, həm də istehlakçı və tranzit ölkələr üçün qarşılıqlı faydalı olduğuna inanırıq.

Ölkəmin regional əməkdaşlıqdan tam olaraq faydalanmasına mane olan mühüm problemi qeyd etməyə bilmərəm. Bu çağırış beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozmaqla Ermənistanın Azərbaycan ərazilərini çoxsaylı insan itkiləri ilə nəticələnən, yüz minlərlə mülki şəxsi öz evlərini tərk etməyə məcbur edən, ölkə infrastrukturunun xeyli hissəsini məhv edən və ciddi iqtisadi çətinliklər yaratmaqda davam edən işğalı ilə bağlıdır”.

E.Məmmədyarov yekunda bildirib ki, Azərbaycan regionun sosial-iqtisadi tərəqqisinə bundan sonra da töhfə verməklə dənizə çıxışı olmayan İEOÖ çərçivəsində konstruktiv dialoq və əməkdaşlığa açıqdır.
Diaspora