“Bu gün Qarabağ qazisi, Azərbaycanın dəyərli oğlu, ilk hərbi operatorlarımızdan olan Seyidağa Mövsümlünün doğum günüdür! Allah rəhmət eləsin! Ruhu şad olsun!”
Qaziler.az bildirir ki, bunu Qarabağ qazisi Rey Kərimoğlu feysbuk səhifəsində paylaşıb. Qazi saytımıza bildirib ki, o, Seyidağanı şəxsən yaxından tanıyanlardan olub:
“Xocalı soyqırımını ilk çəkən Seyidağa Mövsümlü olub. Onun çox böyük hərbi arxivi var. Qarabağ döyüşlərində iştirak edib, bir neçə dəfə yaralanıb. Əvvəlcə döyüşçü kimi iştirak etsə də, sonradan operatorluq edib. Vətənpərvər, ölkəsini, dövlətini sevən bir insan olub. Ordu quruculuğunda böyük xidmətləri olub. Eyni zamanda hərbi arxivimizin formalaşmasında Seyidağa Mövsümlünün rolu danılmazdır. Bu gün filmlərdə, verilişlərdə istifadə edilən kadrların demək olar ki, böyük əksəriyyəti elə Seyidağanın lentə aldığı kadrlardır. Azərbaycanın hərbi operatorları çox olub, amma Seyidağanın öz yeri, öz zəhməti olub”.
Qaziler.az xatırladır ki, Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır. S. Mövsümlü xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlardandır.
O, 1988-ci ildən başlayaraq ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrimizdə olub. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun — Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb. Uzun illər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş şair Ramiz Duyğunun, general Zaur Rzayevin təklifi ilə 19 fevral 1992-ci ildən nazirliyin mətbuat mərkəzində operator kimi işə başlayıb. 2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qayıdıb.
25 iyun 2018-ci ildə vəfat edib. Allah rəhmət eləsin
QAZİLER.AZ