“Yapon iş adamları ilə informasiya mübadiləsi” mövzusunda konfrans keçirilib

“Yapon iş adamları ilə informasiya mübadiləsi” mövzusunda konfrans keçirilib backend

Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbdəki Yapon Mərkəzinin direktoru, Yaponiya-Azərbaycan əlaqələndirmə komitəsinin üzvü Yaşar İbrahimovun təşkilatçılığı ilə yaponiyalı iş adamlarının ölkəmizə səfəri çərçivəsində “Yapon iş adamları ilə informasiya mübadiləsi” mövzusunda V konfrans keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan və onun iqtisadi inkişafı, Azərbaycan iqtisadiyyatına investisiya qoymaq imkanları haqqında danışılıb, iki ölkənin iş adamları arasında əlaqələrin qurulmasına şəraitin yaradılması barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-Yaponiya əlaqələrini daha da inkişaf etdirmək istiqamətində təklif və ideyalar səsləndirilib.

Konfransda 40 nəfər yaponiyalı iş adamı və 50-dək azərbaycanlı müəllim, tələbə, iş adamı və digər şəxslər iştirak ediblər.

Tədbirdə ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev qonaqlara universitetdə yaradılmış Yapon Mərkəzinin fəaliyyəti və yapon dilinin tədrisi barədə məlumat verib.

Daha sonra Y.İbrahimov konfransın keçirilməsinin məqsədi və iştirakçılar haqqında danışıb.

Konfransda yaponlar tərəfindən ölkəmizin təbliği və tanıdılması məqsədi ilə Azərbaycan haqqında ətraflı məlumatı özündə əks etdirən kitab təqdim olunub.