Gələcəkdə Azərbaycanın pensiya sistemi maliyyə çatışmazlığı ilə üzləşə bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
O bildirib: “Aktuar araşdırmalar göstərir ki, Azərbaycanın pensiya-sığorta sistemi maliyyə davamlılığı ilə fərqlənsə də, perspektivdə sığorta prinsiplərini dərinləşdirməsək, ciddi maliyyə problemləri ilə üzləşə bilərik”.E.Mehdiyev qeyd edib ki, Azərbaycanın pensiya-sığorta sisteminin icbari dövlət sosial sığortası ilə əlaqəsi olmayan çoxlu xərcləri var: “Unutmamalıyıq ki, icbari sosial sığorta üzrə ödənişlər edən vətəndaşlar müəyyən müddətdən sonra öz pensiyalarının arxasınca gələcəklər. Biz bu vəsaitləri dövlət büdcəsindən olan transfertlərlə yanaşı əhalinin pensiya təminatına göndəririk, məsələn, 1992-ci ilədək təyin edilmiş pensiyaların ödənməsi üçün əhalinin bəzi güzəştli kateqoriyasına. Belə xərclərin sosial sığortaya aidiyyəti olmasa da, biz bunun hamısını icbari sosial sığorta üzrə ödənişlərin hesabına toplanmış vəsaitlərdən maliyyələşdiririk”.
Fond sədrinin fikrincə, bu tendensiya qalsa, Azərbaycanın pensiya sistemi müəyyən vəsait çatışmazlığı ilə üzləşə bilər.