Azərbaycan bəzi əcnəbi jurnalistlərin adını “qara siyahı”dan çıxardı - BƏYANAT

Azərbaycan bəzi əcnəbi jurnalistlərin adını “qara siyahı”dan çıxardı -  BƏYANAT backend

Xarici İşlər Nazirliyi, Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.

Apa xəbər verir ki, 22 iyul-Milli Mətbuat Günü münasibətilə Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından bəzi şəxslərin adlarının çıxarılması barədə bəyanatın tam mətni aşağıdakı kimidir:

"Bu il Azərbaycanda milli mətbuatın yaranmasının 148 illiyi qeyd olunur.

Milli mətbuatımızın ilk nümunəsi kimi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetindən əsasını götürən müasir Azərbaycan mətbuatı ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun
şəkildə öz inkişaf dövrünü yaşayır.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda ölkə Konstitusiyası və "Media Qanunu çərçivəsində ifadə və mətbuat azadlığı, jurnalistlərin informasiya toplamaq hüququ təmin olunur, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr hayata keçirilir. Azərbaycanda informasiya məkanında pluralizm prinsipi əsas götürülərək yerli və xarici media subyektlərinin təmsilçilərinin fəaliyyətinə hər cür şərait yaradılır.

Jurnalistlərin tərəfsizlik və obyektivlik prinsipləri əsas götürülməklə fəaliyyətlərinin dəstəklənməsi ölkəmizin əsas prioritetlərindəndir. Medianın bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla həyata keçirməsi olduqca vacib amillərdəndir.

Milli jurnalistikanın ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Azərbaycan- Ermənistan sülh prosesi kimi istiqamətlərdə ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında, region va onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılmasında, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında danılmaz rolu var.

Bu məqsədlə xarici jurnalistlərin Azərbaycana səfərlərinin təşkili əsas fəaliyyət sahələrindəndir. Həm Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğalı dövründə, həm də Vətən müharibəsindən sonra regiona yüzlərlə jurnalist səfər ediblər. Bununla yanaşı, bir sıra əcnəbi jurnalistlərin Azərbaycan hökumətinin icazəsi olmadan keçmiş işğal altında olan ərazilərimizə səfərlər həyata keçirdiyi, bir çox hallarda, belə səfərlərin həmin şəxslərin məlumatsızlığı nəticəsində baş verdiyi bəllidir.

Məlum olduğu kimi, beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanın milli və beynəlxalq qanunvericiliyinin kobud şəkildə pozulması ilə nəticələnən hər hansı bir səfərdə iştirak edən şəxs Azərbaycanda arzuolunmaz şəxs kimi müvafiq olaraq Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısına daxil edilir. Bununla yanaşı, hər il onlarla saxs bu siyahıdan adlarının çıxarılması məqsədilə Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubları ünvanlayır və müraciətlər məqsədəuyğun hesab ediləcəyi təqdirdə, onların adları siyahıdan çıxarılır.

Bu il "Heydər Əliyev ili çərçivəsində və Azərbaycan Respublikasında milli mətbuatin yaranmasının 148 illiyində Azərbaycan tərəfi keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndələrinin adlarının bu siyahıdan çıxarılmasına dair qərar qəbul edib. Beləliklə, adları dərc olunan şəxslərin Azərbaycan ərazisinə daxil olmasına qoyulan qadağa aradan qaldırılıb".

***

16:02

Xarici İşlər Nazirliyi, Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.

Apa xəbər verir ki, bəyanatın mətnini bu gün XİN-də keçirilən brifinqdə Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə səsləndirib.

Bəyanatla 58 nəfərin adı XİN-in “qara siyahı”sından çıxarılır.

“Bu il Milli Mətbuatın yaranmasının 148 illiyi qeyd olunur. Azərbaycanda informasiya mühitində plüralizm mühiti əsas götürülür, yerli və xarici mətbuatın inkişafına hərtərəfli şərait yaradılır.

Mətbuatın xüsusən Azərbaycan-Ermənistan münasibətləri, xarici mənfi ideoloji təsirlərə qarşı danılmaz rolu var. Bu baxımdan xarici KİV-lərin Azərbaycana səfərlərinin təşkili əsas istiqamətlərdən biridir.

Bir sıra əcnəbi jurnalistlərin keçmişdə işğal altında olan ərazilərimizə səfər etdiyi, bir çox hallarda bu səfərlərin məlumatsızlıq nəticəsində baş verdiyi məlumdur. Bu səfərlərdə iştirak edən şəxs “arzuedilməz şəxs” kimi xarici vətəndaşların siyahısına daxil edilir. Bununla bərabər, hər il onlarla şəxs üzrxahlıq edərək adlarının siyahıdan çıxarılmasını istəyir”, - bəyanatda bildirilib.

Qeyd olunub ki, Milli Mətbuatın ildönümü və “Heydər Əliyev İli” ilə bağlı 58 xarici jurnalistin adlarının XİN-in "qara siyahı"sından çıxarılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, 58 jurnalist 15 ölkənin kütləvi informasiya vasitələrində çalışır.

Diaspora