Bakı şəhər prokurorluğunda müşavirə keçirildi

Bakı şəhər prokurorluğunda müşavirə keçirildi backend

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları bu ilin birinci yarımilliyi ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini qeyd edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi barədə məlumat verib.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı Prezident İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə müvəffəqiyyətlə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə inkişaf və tərəqqinin qeydə alındığı vurğulanıb.

Ölkədə kriminogen durumun nəzarətdə saxlanması, sabitliyinin təmin olunması, vətəndaşların hüquq və mənafelərinin qorunması sahəsində paytaxtın prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durduğu qeyd edilib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov 2020-ci ilin may ayından etibarən ölkə prokurorluğunda aparılan islahatlar nəticəsində prokurorluq orqanlarına olan etimadın artdığını bildirərək, hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birgə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, bu ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8552 cinayət hadisəsi qeydə alınıb və onların 88,5 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ilin birinci yarımilində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.

Özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, qaçaqmalçılıq, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlərin sayı azalıb, iqtisadi sahədə, o cümlədən korrupsiya, qulluq mənafeyi və mülkiyyət əleyhinə olan cinayətlərin sayında isə artım müşahidə olunub.

Qeyd edilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 122 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 83 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 3 milyon 139 min 311 manat məbləğində maddi ziyanın 1 milyon 659 min 584 manatının və ya 52,9 %-nin ödənilməsi təmin olunub.

Hesabat dövründə xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev müşavirəyə yekun vuraraq Bakı şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək, daxili işlər və digər hüquq mühafizə orqanları ilə işgüzar münasibətlərin davam etdirilməsi, ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması, maddi ziyanın ödənilməsi, ərizə və müraciətlərə baxılması zamanı vətəndaş məmnunluğunun təmin olunması, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.

 

 

Diaspora