Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatının görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İlk olaraq nazirliyin Mənzil İstismar İdarəsinin Lahiyə və Smeta şöbəsinin keçmiş müdiri Zakir Niftəliyev ifadə verib. O bildirib ki, 2011-ci tutduğu vəzifədən istefa verib. Polkovnik-leytenant bildirib ki, 2013-ildən Müdafiə Nazirliyinin Əsaslı tikinti idarəsində mühəndis vəzifəsində işləyib: "Mənim təqsirləndirilən şəxslə elə münasibətim olmayıb. Sadəcə işlə bağlı görüşmüşük. Mən mühəndis kimi hərbi şəhərciyin tikintisi bağlı Mehman Səlimovla görüşmüşdüm. O zaman sifarişçi idik. İşlər getmirdi. Mən Mehmanla görüşdüm ki, bunun səbəbi soruşum. Çünki həmin şəhərin tikintisinə 1 milyon manatdan çox avans ayrılmışdı. Bağlanmış müqavilənin vaxtı qutarmışdı. O, bizdən müqavilə vaxtını uzatmağı xahiş elədi. Biz bunu qəbul etdik. 8 ay ərzində işlər getməyə başladı. Ona bir qəpik də pul vermədik. Verilmiş 1 milyon avansdan 200 min manat pul silindi. Yəni 200 minlik iş görüldü. O, bizə görülən işlərlə bağlı Forma-2 verirdi".Mehman Səlimov şahidin verdiyi ifadəyə etiraz edib. O bildirib ki, orda 200 mindən çox iş görülüb. "Orda su xətləri çəkilib, anbarlar tikilib. Amma onların heç biri qeydə alınmayıb. Forma-2 qəbul edilmədi. Həmin pulların heç birini mənimsəməmişəm. Onu siz də, hamı da bilir ki, hara xərclənib. Açığı həmin pullar əvvəlcədən nəzərdə olunan obyektlərin təhvil verilməsi üçün xərclənib. Özünüz Azərbaycan realığında yaşayırsız, məndən yaxşı bilirsiz".
Zakir Niftəliyevdən sonra ifadə verməyə lahiyə firmasının rəhbəri Anar Həsənov gəlib. O ifadəsində bildirib ki, təqsirləndirilən şəxsi iş zamanı tanıyıb. "Bizə müraciət etdi ki, hərbi şəhərciyin, 2 su anbarının tikilməsinin lahiyəsini çəkək. Razılaşdıq. Müqavilə bağladıq. Həmin müqavilə əsasında Mehman Səlimovdan 8 min manat nəğd pul aldım. Lahiyələrin 2-sini təhvil verdik, 2-si isə ekspertizaya göndərildi".
Məhkəmə prosesi oktyabrın 2-də davam edəcək.
Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.