2015-ci ilin keçən dövrü ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olub. Müraciətlərin yalnız 13%-ni səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib. Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində 2015-ci il ərzində səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki illərlə müqayisədə xaricdə müalicə üçün müraciətlərin sayı xeyli azalıb.Qeyd edək ki, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə dövlət təminatının gücləndirilməsi və yüksək səviyyədə təşkili, səhiyyə və tibb sahəsini əhatə edən idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin etmək məqsədilə Səhiyyə Nazirliyində 24 saat ərzində “Qaynar xətt” xidməti fəaliyyət göstərir.
Əhali ilə birbaşa əlaqə qurmaq, onların tibb müəssisələrinin fəaliyyəti barədə suallarını operativ cavablandırmaq, vətəndaş müraciətlərinin qısa müddət ərzində həll olunmasını təmin etmək məqsədi ilə 2011-ci ildən “Qaynar xətt” xidməti Səhiyyə Nazirliyində “9103” əlaqə xidməti ilə istifadəyə verilib.
Bundan başqa vətəndaşlara daha da effektiv xidmət göstərmək məqsədi 2014-cü ildə Səhiyyə Nazirliyinin digər elektron resursu “Elektron Səhiyyə” xidməti istifadəyə verilib.
Hazırda “qaynar xətt”in fəaliyyətinin təkmilləşdirilməsi üzərində işlər gedir, təkliflər hazırlanır. Vətəndaşların zəng növbəsində dayanmaması üçün xüsusi proqram təminatının istifadəyə verilməsi nəzərdə tutulub. Yenilik tətbiq edildikdən sonra 9103 nömrəsinə zəng etmiş, lakin əlaqə yarada bilməyən vətəndaşa “qaynar xətt” xidmətinin əməkdaşı tərəfindən təkrar zəng ediləcək. Beləliklə, müraciətin həll olunması məqsədi ilə bütün zəruri addımlar atılacaq.