Millət vəkili Vüqar Bayramov Füzuli rayonu Horadiz şəhərində qəhrəman qazilərimiz Şöhlət Musazadə, İlkin Rüstəmli və onların valdeyinləri ilə görüşüb.
Qaziler.az bildirir ki, bu barədə Vüqar Bayramov feysbuk səhifəsində yazıb.
"Füzuli rayonu Horadiz şəhərində qəhrəman qazilərimiz Şöhlət Musazadə və İlkin Rüstəmli və onların valdeyinləri ilə yenidən görüşüb qayğılarını dinlədik. Hər iki qazimizin müalicəsi davam edir. Qaizlərimizin mənzil təminatı ilə bağlı işlər intensiv şəkildə davam etdirilir.
Qəhrəman qazimiz İlkin Rüstəmli yaxınlarda ailə həyatı quracaq. Allah xoşbəxt etsin.
Qazilərimizi daha yaxından tanıyaq:
II Qarabağ müharibəsi qazimiz Şöhlət 1995-ci il mart ayının 14-də Füzuli rayonu Arayatılı kəndində anadan olub. 2001-ci ildə Arayatılı kənd orta məktəbin 1-ci sinifinə daxil olub. 2012-ci ildə həmin məktəbi bitirib. 2013-cü il aprel ayında Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə yollanıb.
2014-2016-cı illərdə İmişli rayonunda yerləşən Energetika üzrə peşə məktəbini oxuyub. 2019-cu il sentyabr ayında könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə yollanaraq, N saylı hərbi hissədə kəşfiyyatçı manqa komandiri vəzifəsində xidmət edib. II Qarabağ müharibəsi başlayan tarixdən Füzuli rayonunda bir neçə döyüş əməliyyatlarında böyük şücaətlə döyüşüb.
İşğal altında olan bir neçə kəndlərimizin işğaldan azad olunmasında böyük qəhrəmanlıq göstərib. 03.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri istiqamətində gedən döyüş əməliyyatlarında düşmənin snayper gülləsi ilə sağ döş qəfəsindən ağır yaralanıb. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin sərəncamına əsasən "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Ilkin Rüstəmli 22 iyul 1999-cu ildə Füzuli rayonu Aşağı Yağlıvənd kəndində anadan olub. Hərbi xidmətini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin XTQ-də keçib və orada yüksək nailiyyətlərlə kurs keçərək kiçik çavuş kimi xidmətini davam etdirib. 44 günlük Vətən müharibəsində Kəlbəcərin azad olunmasında, Cəbrayılın azad olunmasında, Xocavəndin azad olunmasında, Şuşanın azad olunmasında yüksək şücaət göstərib.
Oktyabr ayının 22-də Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Qazimiz "Kəlbəcərin azad olunmasına görə",Cəbrayılın azad olunmasına görə","Xocavəndin azad olunmasına görə","Şuşanın azad olunmasına görə","Vətən müharibəsi iştirakçısı"medalları və "Rəşadət ordeni" ilə təltif olunub.
Keçdiyi qəhrəman döyüş yolunu nəql edən İlkin deyir ki, döyüşlərin ən qızğın və ağır vaxtlarının birində, 24-cü günündə Tuğ meşəsində yaralanıb: “Şuşa yolu istiqamətində hərəkət edəndə düşmənlə rastlaşdıq və onları məhv etdik. Həmin döyüşdə sağ qolumundan güllə yarası aldım. Daha sonra sonra olduğumuz mövqeni düşmən mərmi atəşinə tutdu. Ağır mərmi yarası aldım. Mərmilərdən birinin dalğası məni 20 metr uzaqlığa tulladı. Mərmə zərbəsindən qılçam biri qopmuşdu. Yerə düşəndə nə isənin üzərinə düşdüyünü hiss etdim. Baxdım ki, qılçamdır göydə qırılıb məndən əvvəl yerə düşüb. Ayağa qalxmaq istədim, amma gücüm çatmadı. Təkcə iynəni vura bildim. Ayağımı götürüb, döyüş yoldaşıma tərəf sürünməyə başladım. Döyüş yoldaşımın şəhid olduğunu gördüm. Daha sonra ikinci mərmi düşdü. Onda da qarın boşluğundan yaralandım. Qəlpə bel nahiyəmdən çıxmışdı. Döyüşçü yoldaşımlarımdan biri yaralansa da məni çıxartmağa gəldi. Amma yaralı olduğundan məni apara bilmədi. Daha sonra digər yoldaşlarım gəlib məni döyüş meydanından çıxartdılar”.
Allah bütün qazilərimizə şəfa versin".
QAZİLER.AZ