"Space TV"də tanınmış şərqşünas Seyid Camal Əzimbəylinin ideya müəllifi və aparıcısı olduğu "İnam" verilişinin yayımına start verilib. C. Əzimbəylinin Lent.az-a verdiyi məlumata görə, hər cümə saat 23:00-da canlı yayımlanacaq verilişdə dini-mənəvi mövzularda tamaşaçıları maraqlandıran suallar canlı yayımda ekspertlər tərəfindən cavablandırılacaq.
İlk veriliş 25 sentyabrda yayımlanıb və izləyicilər Qurban bayramı və Həcc ilə bağlı çoxsaylı suallarını canlı efir vasitəsilə səsləndiriblər.Seyid Camal Əzimbəylinin sözlərinə görə, “İnam” verilişi dövlətimizin dini mühitdə apardığı uğurlu tolerant maarifləndirmə işinə əlavə bir dəstək olacaq: "Biz Azərbaycan gənclərinin milli və mənəvi baxımdan yad düşüncələrin təsiri altına düşmələrini əngəlləmək istiqamətində bu yola çıxmışıq. Qloballaşan dünyada Azərbaycan dövlətinin milli maraqlarına xidmətin əhəmiyyətini insanlarımıza, xüsusilə də inanclı cavanlarımıza düzgün, elmi formada təbliğ etmək niyyətindəyik".