Ermənistan kütləvi informasiya vasitələri ötən gecə qoşunların təmas xəttində öldürülən erməni hərbçilərinin adlarını açıqlayıb. APA TV-nin "Novosti Armeniya"ya istinadən xəbərinə görə, cəbhədə baş verən atışma zamanı Azərbaycan Ordusunun endirdiyi atəş zərbəsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 4 hərbçisi - 1995-ci il təvəllüdlü Norayr Mikaeloviç Xaçatryan, 1995-ci il təvəllüdlü Robert Surenoviç Mkrtçyan, 1997-ci il təvəllüdlü Arut Maksimoviç Akopyan və 1997-ci il təvəllüdlü Karen Georgiyeviç Şaqinyan ölüb.
Qeyd edək ki, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.
APA TV-nin Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu - əsgər Elşən Vaqif oğlu Məmmədov şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.