Ölkəmizə səfərə gəlmiş Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turinin rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.
Qaziler.az bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin və DOST mərkəzlərinin sosial sahə üzrə xidmətlərin “bir pəncərə”dən, şəffaf, çevik, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan yaratdığını bildirib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək xüsusi mükafatlara layiq görüldüyü və DOST təcrübəsinin digər ölkələrdə də tətbiqinin təşviq edildiyi, bir sıra ölkələrin bu təcrübəni tətbiq etməkdə maraqlı olduğu vurğulanıb.
Nümayəndə heyəti DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə, vahid əlaqələndirmə mərkəzi ilə tanış olub. Qonaqlar üçün DOST konsepsiyasına və son illər sosial sahədə yaradılan elektron xidmətlərə dair təqdimatlar edilib.
Sonra S.Babayev və S.H.Turinin görüşündə əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan nümayəndə heyəti ilə keçirilən görüşdə iki nazirlik arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2023-2024-cü illər üçün Fəaliyyət Planı imzalanıb. Sənəddə əmək və məşğulluq, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əməyin mühafizəsi, əmək, məşğulluq və sosial müdafiə sahələrində İKT-nin tətbiqi və s. istiqamətlərdə məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapır.