Ölkədə güclü təkanlı zəlzələyə REAKSİYA: "Şayiələr idarə etdi bu gecəmizi. Dövlətin müvafiq qurumları isə..."

Ölkədə güclü təkanlı zəlzələyə REAKSİYA: "Şayiələr idarə etdi bu gecəmizi. Dövlətin müvafiq qurumları isə..." backend

"Təsəvvür edirsiniz? İnsanlar bilgi istəyir, amma zəlzələyə görə açıqlama verməli qurumdan səs yox! Eyni zamanda TV kanallarımız da heç nə olmamış kimi yayımda!"

Qaziler.az xəbər verir ki, bu fikirlər Əməkdar jurnalist Azər Həsrətə məxsusdur. Jurnalist gecə saatlarında baş verən zəlzələ ilə feysbukda paylaşım edib. O, gecə boyu ölkənin güclü təkanlı zəlzələyə reaksiyasını yazısında ətraflı şərh edib:

"Hə, dostlar. Bir daha sinifdə qaldıq hamılıqla. Gecə düz saat 00.01-də şəxsən özüm də evdə - divanda uzandığım yerdə zəlzələni hiss elədim. Ani olaraq çilçırağa baxdım, gördüm yellənir. Əmin oldum ki, ən azından ev silkələnir. Bir neçə saniyə içində zəlzələ dayandı. Və dərhal da internet üzərindən dəqiqləşdirmə apardım, bəlli oldu ki, 5,5 bal gücündə zəlzələnin mərkəzi Xaçmaz rayonu istiqamətində, az qala Dədəlinin tuşunda dənizdədir.

Keçdi. Keçmiş olsun. Biz evdən çıxmadıq. Oturduq, TV kanallarımızı sağa-sola çevirdik. Heç nə. Elə bil heç nə olmayıb. Sosial media isə qaynayırdı. Kimin ağlına və ağzına nə gəlirdisə, yazırdı, paylaşırdı. Bunun nəticəsi olaraq Bakının bir sıra yerlərində insanlar küçələrə axışmışdı. Bizim binalardan isə heç bir nəfəri də təşviş içində görmədik. Hamı bizim kimi evində oturmuşdu.

Nə isə, iddia edildi ki, guya Android zəlzələdən qabaq xəbərdarlıq göndəribmiş telefonlara. Açığı, mənə elə xəbərdarlıq gəlməyib. Amma sonra sosial mediada yayılanlara baxanda gördüm ki, “zəlzələnin olacağı haqqında xəbərdarlıq” zəlzələdən ən yaxşı halda 1 dəqiqə – yəni zəlzələ olduqdan sonra “göndərilib”. Bu necə xəbərdarlıq imiş ki, zəlzələ olduqdan və hər kəsin artıq bundan xəbər tutmasından sonra göndərilir?..

Bir az keçmiş daha bir “xəbərdarlıq” yayılmağa başladı. Ki, bəs saat 2-də, 4-də və 6-da guya daha böyük təkanlar olacaqmış. Əlbəttə, gülüb keçdim. Çünki insanlıq hələ də zəlzələnin proqnozlaşdırılmasını kəşf etməyib və heç kim dəqiq vaxtla zəlzələ proqnozu verə bilməz! Amma təəssüflər olsun ki, hətta ağlı başında adamlar belə o “xəbərdarlığı” sağa-sola paylaşaraq küyə küy qatmaqla məşğuldu...

Bütün bu baş verənlərin fonunda Azərbaycanın müvafiq dövlət qurumunun səsi belə gəlmirdi! Təsəvvür edirsiniz? İnsanlar bilgi istəyir, amma zəlzələyə görə açıqlama verməli qurumdan səs yox! Eyni zamanda TV kanallarımız da heç nə olmamış kimi yayımda!

Tamam, bizim kimi bu işləri az-çox bilən insanlar küyə düşmədi, şayiələrə bənd olmadı. Bəs axı insanların böyük çoxluğu elə deyil. Ən adi bir yalan-şayiə vətəndaşın sinirlərini gərir, stressə səbəb olur. Bunu axı vaxtında – düzgün idarə etmək lazımdır. Niyə idarə edilmədi vəziyyət?

Düzdür, bu yazdıqlarımın müşahidə edildiyi anlarda Daxili İşlər Nazirliyinin sosial media üzərindən paylaşımı qarşıma çıxdı. Ki, hər hansı ciddi dağıntı-filan yoxdur. Amma bir parabeyin yazmışdı ki, hansısa sanatoriyanın binası guya büsbütün uçub və içindəki bütün insanlar həlak olubmuş...

Şayiələr idarə etdi bu gecəmizi. Dövlətin müvafiq qurumları ümumi şəkildə sinifdə qaldı. Çox təəssüf, hələ də dərs çıxarmırıq..."

QAZİLER.AZ

Diaspora