Azərbaycan polisi ictimai asayişin və təhlükəsizliyin mühafizəsində mühüm rol oynayır

Azərbaycan polisi ictimai asayişin və təhlükəsizliyin mühafizəsində mühüm rol oynayır backend

Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümü münasibətilə Sabunçu rayonunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, akt zalında davam edən tədbirdə Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirib.

İdarə rəisi daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun təbrikini də şəxsi heyətin diqqətinə çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bu gün ölkəmizin sabitlik adası kimi dünyada tanınmasında polisin xüsusi rolunun olduğuna vurğulayıb.

Qeyd olunub ki, torpaqlarımız erməni işğalı ilə üzbəüz qalanda onun müdafiəsinə qalxanların sırasında Azərbaycan polisi birinci idi və ötən müddət ərzində polis cinayətkarlığa qarşı mübarizə apararaq, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək tarixi və şərəfli bir yol keçib.

Tədbirin sonunda xidmətdə fərqləndiyinə və Azərbaycan Polisi Günü münasibətilə rayon Polis İdarəsinin əməkdaşları fəxri fərman və xatirə hədiyyələri ilə təltif edilib.

 

 

Diaspora